Buruqlar küçəsi

 

 Bakı hər il olduğu kimi yenə öz payızını yaşayırdı. Mən isə Tolstoy küçəsində yerləşən evimin eyvanından payıza baxırdım.

  Haşimoto olduqdan sonra oyandığım bütün səhərlər həkimin yazdığı dərmanı içib, səhər yeməyinə kimi yarım saat gözləməli olurdum. Bu zaman dilimini eyvanımdan insanların qarışqa kimi o yan-bu yana tələsməsini seyr etməklə doldurmaq  qərarını verməyimin üstündən nə qədər keçdiyini artıq xatırlamırdım. Son aylar bu ritual oyuna çevrilmişdi.  

   Küçədən keçənlər öz yolları ilə gedir, mənsə onları iki müxtəlif nöqtə hesab edərək həndəsədən yadımda qalanlarla xəyali düz xətt çəkib birləşdirirəm. Paralel düz xəttlərin əzbər bildiyim qaydasını xatırlamağa çalışdım, amma adı qulağa xoş gələn xəstəliyim son vaxtlar yaddaşımı zəiflətdiyi üçün heç cür yadıma sala bilmirəm. Yenicə xəstəliyimi söyməyə hazırlaşırdım ki, onu bizim küçədən keçən qələbəliyin içində gördüm. Gördüyümə inanmırdım. Əsəbləşəndə üst dodağına kəpənəklər qonan, uşaqlığımın qəhrəmanı, uzun, buruqsaçlı qız, illər sonra qısa saçları ilə yaşadığım küçədən keçirdi.

 Bəzi tarixlər gözəl qadınların saçları ilə başlayır və bir gün elə o saçlarda da bitir. Onun küləyə qarışan saçları ilə ilk tanışlığım doxsanıncı ilin ortalarına təsadüf edirdi.

 Beton beşmərtəbələrin arasında kiçik, amma bir o qədər də əyləncəli məhəlləmizdə yeddi şüşə oynayardıq. O da hər dəfə şüşələri dağıda bilmədiyi üçün küsür, topunu da götürüb gedirdi. Arxasınca uçan buruqları bir az küləyin, bir az da əsəbin təsirindən daha sərt dalğalanırdı. O vaxtlar mikrorayonlar indiki kimi köhnə və tozlanmış deyildi. Binamızda hər millətdən insan yaşayırdı. Alt qonşumuz gürcü Daria xala, ikinci mərtəbədə qalan televizor ustası Eldar babanın yoldaşı Rima nənə, valideynləri ikinci dünya müharibəsində itgin düşmüş özünə o vaxtdan “nemes” deyən Klara xala məhəlləmizi millətlər ittifaqına çevirmişdi.

 Küləkli günlərin birində ikinci blokun üçüncü mərtəbəsində yaşayan, Ukraynadan nənəsinin yanına köçmüş qonşumuz  Slavikgilin evindən ətrafa hüzünlü klarnet səsi yayılmağa başladı.

 Blokdan orkestrin dirijoru kimi birinci Daria xala çıxmışdı. Onun ardınca əllərində şampan qədəhləri ilə uzun, sarı saçlı, yaşıl gözlü qadınlar, sonra gombul, hündür boylu , qara kostyumlu, şlyapalı əmilər çiyinlərində tabutla görünməyə başladılar. Bütün məhəllə klarnet səsinin ahənginə bürünmüşdü. Slavikin nənəsi, məhəllənin pişiklərinin dostu, bizə bayramlarda rəngli yumurtalar, şirniyyatlar verən tötya Nina ölmüşdü, biz isə uşaq ağlımızla baş verənlərin fərqində deyildik. Klarnetin ahənginə qoşulub, uşaqlarla rəqsetməyə başlamışdıq. Həmin gün onun buruq saçlarına daha çox vurulmuşdum, sanki notlar buruqlarına düzülüb məhəlləmizə yayılan hüznü dağıdırdı.

 Bu gün Tolstoy küçəsində gördüyüm qadın isə saçlarını kəsmiş və dəfn etmişdi. Artıq tarix dəyişmişdi. Mən mikrorayonda deyil Tolstoy küçəsində yaşayırdım, onun da buruqları yox idi.

 Eyvanıma yaxın kafelərin birindən Vaqif Mustafazadənin “Yollar“ını eşidirəm. Sevil kvarteti “Bizi yollar səsləyir” oxuyur. Bilirdim, onu gördükdən sonra mənim  bütün yollarım Tolstoy küçəsinə çıxacaqdı, buruqların dəfn olunduğu yerə.

-Birdəqiqə! Axı,yaddaşım zəifləmişdi.

Yaşılın yerini sarıya verib,

Noyabra qarışdığı vaxt

Bakının ən payızında

Sonda bütün küçələr Tolstoya çıxırdı

Bütün qadınlar, sevgililər kimi

Advertisements

Təklif

Səhərə Bəhram Bağırzadənin Hacıbala Abutalıbova yazdığı yazını oxuyaraq başladım. ( http://baku.ws/index.php?newsid=35184 ) Sizin də oxumağınızı istərdim. Bu şəhər Bakılıların olduğu qədər də hamımızındı. Bakıda doğulmağından, böyüməyindən asılı olmayaraq ona sahib çıxmaq bizim borcumuzdu. Çünki o küçələrdə çoxumuzun təhsil aldığı məktəb, universitet, sevgilimizlə gəzdiyimiz küçələr, ilk dəfə diplom əlimizdə sevinərək valideynlərimizə zəng etmək üçün dayandığımız səkilər, qarda sürüşüb yıxılmaqdan bizi qoruyan tutunduğumuz ağaclar, uşaq vaxtı futbol meydançası etdiyimiz məhlələr, qapı əvəzi istifadə etdiyimiz qarajlar, yedi şüşələr, ortadaqaldılar və nələr, nələr var. O küçələrdən bu gün bəlkə də çoxu dəyişib. Bunlar artıq keçmiş zamandı bu gün isə dəyişsə də gözəl ola biləcək bir hadisə baş verir küçələrdə. Yuxarıdakı yazıda da adı keçən Sovetski. O Sovetski ki, baxdığımız filmlərdən, çox sevdiyim Yuğ teatrı, köhnə İtaliyan filmlərini xatırladan, şəkil çəkdirmək üçün belə olsa getdiyimiz o qapılar var. Orada yaşayan insanlar onlara daha artıq pul verilsin və normal ev ala bilməkləri üçün etiraz edir bu onların təbii haqqıdı. Onların neçəsi üçün Sovetskinin tarixi, xatirələr önəmlidi bilmirəm və bu haqqda nəsə yazmaq haqqını özümdə hiss etmirəm. Ancaq çox önəmli bir mövzü var ki, bu da etirazdan asılı olmayaraq oranın söküləcəyidi. Neçə ki, Basin söküldü. İnanıram ki, bu yazımı az da olsa insan oxuyacaq və bir dəfə belə olsa şəhərin insanlarına da qulaq asacaqlar. Bizdən təklif etmək  olsun.

Təklif: Mən dünya insanı olaraq özümü heç də bir New York sakinindən aşağı hiss etmirəm, əgər onların belə parkı varsa, mən yaşadığım şəhərdə niyə olmasın?!Image

Daha mərmərli park istəmirəm və əminəm bu şəhərdə mənim kimi düşünən minlərlə olmasa da yüzlərlə insan var. Park salınacaqsa Bakının ekoloji problemləri üçün ürək ola biləcək park olsun. Biz bol oksigenli şəhər istəyirik. Hansısa bayrama, tədbirə görə bir il içində mütləq bitməlidi tərzində park istəmirik.Ağac əkmək lazımdısa özümüz iştirak edərək şəhərimizi canlandırarıq, bircə mərmər olmasın.Elə o ərazidə də Bəhram Bağırzadənin acıq hava muzeyi təklifi icra olunsun,əmin olun bu turistlərə daha maraqlı olar, onlar bizim mərmərli parklara sadəcə neftdən gələn pul kimi baxırlar o da heç kimə lazım deyil. Bu gün sala biləcəyimiz o park, beş il sonra olmasa da qırx il sonra təqaüdə çıxanda dostlarla gəzməyə kölgəli bol oksigenli parkımız olar. Qocaların sümüyü də kövrk olur, mərmərdə yıxılmaq əvəzinə belə bir şəhər istəyirəm.

Gözəl,günəşli, oksigenli, yaşıl səhərlərə və şəhərlərə.