Göz

Şux mahnıların eşidildiyi səhərlərdə,

Uzaq şəhərlərdən duman çıxır.

Kiminin incə bel stəkanında,

Kiminin də soyuq kəsmiş nəfəsində,

Hər kəs ölür bu dünyada.

Cənab sənətkar,ölməyi hər kəs bacaran

Yumru dünyada,gərək elə öləsən ki,

”Dənizin mavisinə,

günəşin sarısına,

az baxdım deməyəsən.”

Dənizindən duman axan,gözlərindən oxunur.

Qırışları dərin olan,adamların arxasından

Quşlar ən şux nəğməsini pıçıldayar,

Uzaq sahillərdə, dumanlı gəmilərdə.img_4065

 

 

 

Buruqlar küçəsi

 

 Bakı hər il olduğu kimi yenə öz payızını yaşayırdı. Mən isə Tolstoy küçəsində yerləşən evimin eyvanından payıza baxırdım.

  Haşimoto olduqdan sonra oyandığım bütün səhərlər həkimin yazdığı dərmanı içib, səhər yeməyinə kimi yarım saat gözləməli olurdum. Bu zaman dilimini eyvanımdan insanların qarışqa kimi o yan-bu yana tələsməsini seyr etməklə doldurmaq  qərarını verməyimin üstündən nə qədər keçdiyini artıq xatırlamırdım. Son aylar bu ritual oyuna çevrilmişdi.  

   Küçədən keçənlər öz yolları ilə gedir, mənsə onları iki müxtəlif nöqtə hesab edərək həndəsədən yadımda qalanlarla xəyali düz xətt çəkib birləşdirirəm. Paralel düz xəttlərin əzbər bildiyim qaydasını xatırlamağa çalışdım, amma adı qulağa xoş gələn xəstəliyim son vaxtlar yaddaşımı zəiflətdiyi üçün heç cür yadıma sala bilmirəm. Yenicə xəstəliyimi söyməyə hazırlaşırdım ki, onu bizim küçədən keçən qələbəliyin içində gördüm. Gördüyümə inanmırdım. Əsəbləşəndə üst dodağına kəpənəklər qonan, uşaqlığımın qəhrəmanı, uzun, buruqsaçlı qız, illər sonra qısa saçları ilə yaşadığım küçədən keçirdi.

 Bəzi tarixlər gözəl qadınların saçları ilə başlayır və bir gün elə o saçlarda da bitir. Onun küləyə qarışan saçları ilə ilk tanışlığım doxsanıncı ilin ortalarına təsadüf edirdi.

 Beton beşmərtəbələrin arasında kiçik, amma bir o qədər də əyləncəli məhəlləmizdə yeddi şüşə oynayardıq. O da hər dəfə şüşələri dağıda bilmədiyi üçün küsür, topunu da götürüb gedirdi. Arxasınca uçan buruqları bir az küləyin, bir az da əsəbin təsirindən daha sərt dalğalanırdı. O vaxtlar mikrorayonlar indiki kimi köhnə və tozlanmış deyildi. Binamızda hər millətdən insan yaşayırdı. Alt qonşumuz gürcü Daria xala, ikinci mərtəbədə qalan televizor ustası Eldar babanın yoldaşı Rima nənə, valideynləri ikinci dünya müharibəsində itgin düşmüş özünə o vaxtdan “nemes” deyən Klara xala məhəlləmizi millətlər ittifaqına çevirmişdi.

 Küləkli günlərin birində ikinci blokun üçüncü mərtəbəsində yaşayan, Ukraynadan nənəsinin yanına köçmüş qonşumuz  Slavikgilin evindən ətrafa hüzünlü klarnet səsi yayılmağa başladı.

 Blokdan orkestrin dirijoru kimi birinci Daria xala çıxmışdı. Onun ardınca əllərində şampan qədəhləri ilə uzun, sarı saçlı, yaşıl gözlü qadınlar, sonra gombul, hündür boylu , qara kostyumlu, şlyapalı əmilər çiyinlərində tabutla görünməyə başladılar. Bütün məhəllə klarnet səsinin ahənginə bürünmüşdü. Slavikin nənəsi, məhəllənin pişiklərinin dostu, bizə bayramlarda rəngli yumurtalar, şirniyyatlar verən tötya Nina ölmüşdü, biz isə uşaq ağlımızla baş verənlərin fərqində deyildik. Klarnetin ahənginə qoşulub, uşaqlarla rəqsetməyə başlamışdıq. Həmin gün onun buruq saçlarına daha çox vurulmuşdum, sanki notlar buruqlarına düzülüb məhəlləmizə yayılan hüznü dağıdırdı.

 Bu gün Tolstoy küçəsində gördüyüm qadın isə saçlarını kəsmiş və dəfn etmişdi. Artıq tarix dəyişmişdi. Mən mikrorayonda deyil Tolstoy küçəsində yaşayırdım, onun da buruqları yox idi.

 Eyvanıma yaxın kafelərin birindən Vaqif Mustafazadənin “Yollar“ını eşidirəm. Sevil kvarteti “Bizi yollar səsləyir” oxuyur. Bilirdim, onu gördükdən sonra mənim  bütün yollarım Tolstoy küçəsinə çıxacaqdı, buruqların dəfn olunduğu yerə.

-Birdəqiqə! Axı,yaddaşım zəifləmişdi.

Yaşılın yerini sarıya verib,

Noyabra qarışdığı vaxt

Bakının ən payızında

Sonda bütün küçələr Tolstoya çıxırdı

Bütün qadınlar, sevgililər kimi

Yaxşılıqlarım

El bilir ki, sən mənimsənlə başlayırdı

Vətənin sərhədləri.

İndi baxıram sərhəddin boğazımdadı,Vətən.

Hər gün daha da az qalırsan bədənimdə.

Ayaqlarımı,

heç bir yay gedə bilmədiyim,

torpaqlarda itirdin.

Qollarımı,

atdığım qutulardan çıxmayan,

səsimlə itirdin.

Bütün yaxşılıqlarımı toplayıb,

bir qutu boşluq buraxıram.

Qalan sərhəddini də

qutuna qaytarıram.

Cəzam səndən,

ölümün əlimdən olmasın,

Payın artıq olsun, Vətən.

Image