adsız şeirlər doğulur

Özü nağıl ,sözü nağıl

bir yazarın qələmindən,

cərrahın neştərinə köçəndən

yad olmuşam öz-özümə.

 

Düz sözümə inanmıram,

güzgülərə aldanıram.

İllər sonra bu əksimə ,

yerləşdirə bilərəmmi ?

Bir yazarın qələmindən

cərrahın neştərinə köçənləri.

 

Gülümsəyir güzgüdəki…

Burnunda spirt qoxusu,

əlində köhnəlmiş fırça,

ağlında qırmızı çaxır,

neştər hər gün qana batır.

 

Qələmdən neştərə köçəndən

əqrəbləri dəyişməyib

divardakı saatın da .

Kimin isə öldüyü  andan

davam edir yaşam.

 

 

adsız şeirlər doğulur.

İçkili gecələrin birində,
ayıq qalmağı bacardığımdadı
sənə olan incikliyim.

Bu gün hər şey var:
Bayırda külək əsir.
Arada bir yağış yağır.
Sabah da günəşli olacaq.
Yay davam edir yəni .

Çantamda vərəqlənməyi gözləyən
Martin Eden qədər uzağam sənə.

Qatarların böyük olduğunu düşünürdüm
uzun yola qatarla başladığım ana kimi.
Ayrılıqlar daha uzunmuş qatarlardan.

İçkilər daha doğma, yadlar daha yaxın
olan vaqonlara qoşulub
qatar olmaq var bu gecə.

27 avqust 2011

Şənbə

Şənbə

Sən gedəndən adsız qalıb

Günüm də, ayım da.

Bazarda bitən həftəmin,

Şənbədə qalıb adı da.

Bazarın bir adı var

Sabahı bazar ertəsi.

Dünənim şənbədən qalıb,

Bu günümsə bəlli deyil

Sabaha olan ümidim

Bitən həftədən qalıb.

Yenə həmin şənbə

Sabah bazar olacaq

Sonra bazar ertəsi

Günlərim səndə qalacaq.

02.06.2011

izahsız 1 AZN,izahlı 5 AZN

Baş

Eyni qazanda qaynayan qoçlar,

Ətrafda saysız içi boş başlar.

İki qoçun başı bir qazanda

qaynamaz,

Amma içi boş oldumu ,

dəyişər işlər.

 

Əsəbdən çatılar qaşlar,

Hal belə oldumu,

axar yaşlar.

Ağladıqca dolar başlar…

Başlar doldumu,

mətbəxdə dəmlənməz aşlar.

Qarın boşalar,

acından ağrıyar başlar.

 

Baş dolduqca ,

Ciblər boşalmağa başlar.

İş belə oldumu,

Savaşar qoçlar…

Savaş bitər.

Boş-boş danışmağa başlar ,

çaşlar.

 

Düz söz deyəni

Daşlayar qoçlar.

Olanları seyr edib,

gülər tindəki qaqaşlar.

Zamanla ürəklər daşlar.

Ürəyi daş olmayan ,

İşləyən başlar.

Çıxıb gedər uzaqlara…

Yaşamağa yenidən başlar.

 

06.04.2011

(p.s.izahsız 1 AZN,izahlı 5 AZN…:DD)

Qoç tapmadım)))

 

Qəlbim cismimdə qəribdi.

Bu gün dünəndən qəlizdi,

Qəlbim cismimdə qəribdi.

Sürgün olub sanki ruhum

Qürbət ,dənizdən dərindi.

 

Azad olmaq ,azad ölmək.

Deyirlər ki,çox şirindi.

Qırx gün əsir olmaqdansa,

Bir Kəpənək ömrü yaşa.

 

Doğulandan ölənədək

Gəzib-dolan yer üzünü.

Ruhun əsir olsa belə

Cismin azad olar yenə.

 

Ruhum qəlbində əsirdi,

Qəlbim cismimdə qəribdi.

Qərib eldə var azadlıq.

Niyə sıxır məni varlıq.

 

Qəlbində ,yoxsa azadlıq,

Qəfəsdə tapar rahatlıq.

Azad olmaq istəyənə

Dünya etməz heç vaxt darlıq.

 

31.03.2011 Bakı.Azərbaycan.

 

Addım

Fotoqraf: Toğrul Məmmədov

Ən uca zirvədən şəhərə

baxmaq kimidir.

O musiqini dinləmək.

Addımların əvəzinə

baxışların gəzişdiyi

küçələrdən sənə lazım olan keçir .

Bilirsən…

Nə sən ona lazımsan ,

nə də bu şəhər sənə.

Getmək carə olsaydı,

Baxışlarıma toxunan insanlar

burda olmazdı,

səhv düşünürəm.

Carə varsa o da ,

ən uca zirvədən şəhərə

baxmaq kimidir.

Var olmağın carəsi:

Sənsiz şəhər,

onsuz sən

xarabadan fərqsizsən.

 

24.03.2011

Qorxu

Uşaq idim ,yadımdadı

Köhnə qəzetə bükülmüş araq vardı.

Saqqallı üzlər,

Qızarmış gözlər vardı.

Qorxmazdım.

Görmədiyindən qorxmaz insan.

İnsan ölüdən qorxar,

Dəlidən qorxar.

Görmədiyindən qorxmaz insan.

Qorxursa görüb demək ki.

Qorxdum.

Uşaq deyiləm.

Ancaq qorxdum.

Saqqalsız üzdən,

Qızarmış gözdən,

Qəzetsiz butulkadan qorxdum.

Nə ölüdən qorxmuram,

Nə dəlidən qorxmuram.

Dəli,dəlidi..

Ölü də ölü.

Beyni qəzetə bükülmüş isə

Nə ölüdü,nə də dəli..

Şəhərinsə hər yeri

Butulka ilə dolu.

Uşaq idim,yadımdadı

Qəzet oxuyan çox idi.

İndi oxumağa qəzet yox,

İçiləsi butulka çox.

Azdan yox,çoxdan qorx.

23.01.2011