Aliyə Mehdi. Söhbət.

44+XX

44+XX

Aliyə ilə bundan əvvəlki söhbətlərdən fərqli olaraq uzun yox qısa cavablar üzərinə razılaşdıq. Bakıda adi payız günlərinin birində görüşdük.

Elə təsəvvür elə hava istidi otluqda oturmuşuq ortada butulka var, fırladırıq səni görsədir. Və tam səmimi cavablar verirsən. Oyuna başlaya bilərik ?

-Oynamıram demək kimi şansım yoxdu deyəsən.

Aliyə, pəncərədən baxanda çöldə yağış yağır. Hansı fəsli sevirsən?

-Bu halda çay içiriksə payız, çöldə yağış yağsın.  Amma belə ümumilikdə yay xoşuma gəlir. Üşümək olmasa qış da yaxşıdı.

Qış da kitab da oxumaq yaxşıdı. Adamlar var pulla, adamlar da var oxuduqları kitablarla qarşıdakı insanı sözün məcazi anlamında basdıra bilər. Elə bir kitab varmı təkrar-təkrar oxumusan və ya oxuyarsan ?

-Təkrar oxuduğum kitab yoxdu hələki, onu oxuyacağım vaxta başqa yeni nə isə oxumağın tərəfdarıyam. Ancaq bir gün çox vaxtım olsa yenidən “Lady Chatterley“i və Albert Camus “Yad“oxuyaram. Bir də ən çox təsir edən  Dantenin “İlahi komediya“sıdı ki, o çox uzundu inanmıram bir də yenidən nə vaxtsa oxuyum. O əsər insanı bildiyin nə idim, nə olmuşam əhvalına salır.

Bu yaxınlarda yazarlar və kitabçılar arasında mübahisə olmuşdu, kitablar niyə alınmır mövzusunda. Oxucu kimi sən əsas nəyə fikir verirsən kitab alanda?

-Mənim üçün yaradan məhsuldan önəmlidi. Müəllifə baxıram əsas, kim yazıb. Məsələn Hermann Hesse, Camus ,Beckett nə yazıblar tapan kimi oxuyuram. Eyni ilə də bizim yazarlar, adam maraqlıdısa nə yazsa oxuyaram . İstəyir 100 səhifə olsun, istəyir 800.

Əgər oxuduğun əsəri ssenariləşdiriblərsə öncə filmə baxırsan ya kitabı oxuyub sonra filmə baxırsan ?

-Kitabı oxuyub sonra baxıram. Adam kitabı oxuyanda beynində qurur qəhrəmanları, hadisələri, rəngləri. Filmdə bizim kimi bir insan öz təsəvvür etdiyi kimi ixtisara salır axı, başqasının fikirlərinə baxmış kimi olursan. Ona görə kitabı varsa öncə kitab, sonra film.

Rejissor olsan hansı əsəri ekranlaşdırardın ?

-Tom dayının daxmasını. Uşaq vaxtı oxumuşam, onda elə fikirləşirdim ki, buna kino çəkmək olar. İndi elə fikirləşmirəm amma. Böyüdüm gördüm ki, məndən kino çəkən olmaz.

Bizdə kimdən soruşursan kitabın baha olmasından, kitabçıların az olmasından şikayətlənir ki, məncə bu sadəcə oxumamaq üçün bəhanədi. Sən uşaqlıqdan oxuyursan, oxumaq istəyənlərə kiçik bir köməyimiz dəysin, kitabları necə əldə edirsən?

-Kitabxanadan alırdım məktəb vaxtlarında. Siseron əməliyyatı kitabı vardı, sənə də demişdim oxu əla kitabdı. Bax o kitabı Əhmədlidə binanın altında adi kitabxanadan tapıb oxumuşdum. Sonra o vaxt 12 stulu kitabxanadan tapmışdım, indi Qanun nəşriyyatı çap edib yenidən. Evdə atamın kitabları arasından Drayzeri, Jack Londonun demək olar bütün əsərlərini tapıb oxumuşdum. Sumqayıtda Xan dayı var ondan götürdüklərimiz. Kirayə kitablar verir adam həm səliqəli də olur kitabları. Yadında bir yay nə qədər kitab aldıq adamdan, bəzilərini də qaytarmadıq. (gülür ) Sonra içərişəhərdə Elman dayı. Düzdü Elman dayı Xan dayı kimi 40 qəpiyə 4-5 kitab vermir. Pulun varsa alıb oxuya bilirsən. Amma ucuz olur onda da kitablar. Aygünün aldığı dünya ədəbiyyatı seriyası. Bir də sözsüz yaxşı ətraf. Hər kəs 1 kitaba pul verib alsa. 5 dost 5 kitab oxumuş olur dəyişərək. Təbii ki, Ali və Nino, Qanunun tərcümələri də ki, son dövrlərdə kitab oxuyanlar üçün tapıntı kimi oldu.

Kitab oxuyan insanlar xəyalpərəst olur deyirlər. Arzularla yaşayır bir növ. Arzular tükənirmi və arzuların olmadığı dünya maraqlı olarmı ?

– Arzular tükənir əlbəttə. O deyirlər ki, bəs arzular tükənmir biri yerinə yetirsə yenisini istəyirsən, o arzu deyil axı ehtiyacdı. Arzu çox adi nələrsə ola bilər, səninçün önəmli olan insanla yaşamaq onunla məsələn Bakıda çox ucuz bir kafedə oturub söhbət etmək bu arzudu. Bahalı restoranlar, rahatlıq isə ehtiyacdı. Arzuların tükənməyi də bədbəxtcilikdi də, arzunu məqsəd olaraq qoyursan arzuna çatdın vəssalam gəl yaşa görüm nətər yaşayırsan. Ona görə bəlkə də gec catmaq maraqlıdı.

Sən Bakıda heç kimin boğazına fotoaparat salıb küçədə gəzmədiyi vaxtlarda təqaüdünü yığıb fotoaparat almışdın. (http://500px.com/Aliyah) Daha çəkmirsən səbəb nədi ?

-Yenə çəkirəm. Sadəcə əvvəlki qədər vaxt yoxdu, bilirsən bütün bu işlər vaxt işidi. Gərək bütün işi-gücü atıb sevdiyin işlərlə məşğul olasan ki, mən bunu bacarmıram. Özümçün arada çəkirəm, sadəcə ortalığa çıxartmıram. Bax bu da arzudu əslində, amma yorulursan iş, Bakı da bir az yorur belə.

Daha çox qadınları çəkirdin. Fotoqraf gözü ilə baxsan yaradılış baxımdan qadın baxımlıdır ya kişi ?

-Mən qadınları çəkmirdim, qadınlar özləri çəkilmək istəyirdilər. Qadın , izah da edə bilmirəm niyə. Ən azı bizim ölkədə qadınlar kişilərdən maraqlıdı görüntü baxımdan. Bir-birilərinin acığına olsa da dəyişirlər, oğlanlar hamsı eynidi elə bi bu şəhərdə. Görüntü qara kurtkada çoxlu-çoxlu adamlar. İstisnalar çox azdı. Qadınlar az da olsa rənglidirlər,gözə xoşdular. Rəssamlar da qadınları çəkir çox vaxt, demək ki bir bildikləri var.

Kişi rəssamlar qadın çəkir də, Frida özünü çəkmişdi axı.

-Kişi portreti yadıma gəlmir uzun illər məşhur olan ,yadda qalan ya da mən bilmirəm. Qadınlar vizual olaraq maraqlıdı son qərar.

Hansısa filmdə baş rolda oynamaq istəyərdin ya da kamera daşımaq?

-Baş rolda oynamaq arzusu eqodu da , məni çəksinlər məni. Çəkilişində iştirak etmək istədiyim film var amma “The dreamers“, “Biutiful“ .

Biutiful demiş, sənin bir də həmişə İspaniya arzun var,niyə məhz İspaniya?

-Ispaniya deyəndə ağlıma çoxlu rənglər, emosiyalar gəlir. Elə bilirəm o ölkədə küçədə eyni heç nə yoxdu. Hər gün yeni nə isə olur. Bakıda eynidi bir az .Maraqlı adamlar da var onları da hamı tanımır. Bakıda yaşayan adama Barcelona niyə də maraqlı olmasın.

Səndən bir əsər qəhrəmanı yaratmağını istəyəcəm. Şəhəri rəngli edə biləcək qadın və kişi sonra da göndərəcik mikrorayon tikməyə.

-Böyük ehtimal Kartasarın “ Xana-xana oyunu“ əsərindəki kimi olar. Hər şeyi sıfırlaya bilən adam olmalıdı. Özüm də elə deyiləm, amma qəhrəmanım elə olardı. Kişi olsa sacı uzun, az saqqallı, enli şalvar, kobud ayaqqabı, dəri gödəkcə də olsun, bir dənə də pick-upı olsun. Film qəhrəmanı oldu bu bir az elə bil. “21 grams“dakı Del Toro təqribi. Qadın da boyu uzağı 160 sm olsun, saçları çox qısa olsun, enli rəngli şarfları olsun fəsil də qış olsun.

Qadına xoşbəxt olmaq üçün nə lazımdı ?

-Kişi

Bu günlə baxlı fikrini bilmək də istəyirəm.

-Qəşəngdi belə söhbət.Adam özünü önəmli hesab edir belə danışanda. Heç nəyə məcbur edilməyəcək qədər azad olmağı da hamımıza arzu edirəm.

Advertisements

Aliyə Mehdi. Söhbət.” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma