Kamran Hacıyev. Söhbət.

DSC_0468[1]

Kamran Azərbaycan tibb universitetinin insana qazandıra biləcəyi ən dəyərli insanlardandır. Ona görə də əlavə heç nə yazmadan keçirəm söhbətə.

Kamran, öncə olan 2 söhbətdən təqribi xəbərin var şərtlər necədi. Bəlisiz, qalstuksuz, tam səmimi söhbət edirik. Gərək sifariş etdiyim çaydan sən də edərdin dadı əladı, hətta Double Coffeeyə bir bu çaya görə gəlmək olar. 1-ci sualın İlhamla söhbətimiz olan gündən hazırdı. 10-cu suala belə bir cavab vermişdi ki, istərdim Azərbaycanda orta statistik tələbənin görüntüsü dəyişsin. Mühazirə zalına daxil olanda necə hiss edirsən özünü, çətindimi səninlə eyni zövqdən olmayan o qədər tələbə ilə yan-yana olmaq?

-Elə də çətin olmur.Çox da fərqli geyinmirəm, normal tələbənin rahat ola biləcəyi tərzdə geyinirəm. Bilirsən rahat olmaq lazımdı, hələ bizim kimi hər dərsi bir xəstəxanada keçən tələbələr hamıdan rahat olmalıdı. Əsas da qızlar hündür ayaqqabıda, göstərişli paltarlarda , ziyafətə gedər kimi gərəksiz makiyajla dərsə gələndə mümkün deyil rahat olsunlar, görürəm axı rahat deyillər. Universitetdə də qalstuk,ayaqqabı ,kostyum geyin işləyəndə də bəs nə vaxt rahat yaşayacan. Ola bilər rahatlıq anlayışı adama görə dəyişsin, yenə də tələbə üçün heç vaxt xəttli şalvar cinsdən rahat ola bilməz.

İnsanın zövqünün formalaşmasına nələr təsir edir?

-Kitablar, kinolar, ən əsası da səyahət. Başqa mədəniyyətlər olaN yerlərə səyahət edərək, öz aid olduğun torpaqlardan kənarda fərqli geyimlər, insanlar, hekayələr görmək, yaşamaq şansın olur və bunları zamanla öz üzərində yoxlayır, yeni nəticələr əldə edirsən. Oxuduğun hansısa kitabda qəhrəmanı yazar elə təsvir edir ki, elə bilirsən başında papaq, kürəyində köhnə boz bir pencək adamla söhbət edirsən. Ən adi gedirsən bir yerə görürsən orada kim isə bandana taxır , fikİRləşirsən niyə də yox, bəlkə mənə də yaraşar. Özünə bir bandana alırsan. Belə milyonlarla misal çəkmək olar. Bir az da açıq düşüncəli olmaq lazımdı, ətrafa baxanda aydın görünür ki, o insanlar daha zövqlü və maraqlıdılar. Kitab oxuyur, gözəl musiqi zövqü var, keyfiyyətli insandı. Bütün bunlar toplu halda insanı insan edir.

Günümüzdə görürük ki, bütün kitab oxuyanlar, filmə baxanlar, səyahət edənlər dediyin kimi zövqlü və keyfiyyətli insan olmur. Elə bil tində dayanan bir adamı göndərirsən Amerikaya o orada da bir tin tapır oturur. 2 insan(46 xromosomlu) bir-birinə aidiyyatı olmayan kitab oxuyurlar, tam ayrı film zövqləri var, eyni ölkəyə göndəririk qayıdanda elə danışacaqlar elə bil ki, eyni yerdən gəlmirlər. Bir həkim məntiqini işə sal görək, bunun səbəbi nə ola bilər?

-İnsanlar həmişə dəyişməyə açıqdılar. Düşünmürəm kökündə bioloji bir səbəb olsun. Daha çox doğru təhsil dayanır əsasında. Bilmək olmazdı bəlkə lisey təhsili almasaydım, dostlarımı yanlış seçsəydim bu gün mən də başqa bir adam olardım. Hər şey təhsildən keçir, doğru təhsil verməklə əmin ol tində dayanan adamı da ən azı ayaq üstə qaldırmaq olar. Uzun illərdi eyni təhsil sistemindən canımızı qurtara bilmirik, eyni yol monoton olaraq da davam edir, kitablarda eyni mövzular, nənə , nanə, nəvə. İbtidai sinif şagirdinə mədhiyyə, milli -mənəvi dəyər öyrədənə kimi dünyanı, insanlığI öyrətmək olar. Ortaya doğru təhsil gəlsə ,ac gözlüklə yeyər şagirdlər. Misal, liseydə ingilis dili dərsində dinləmədə Cat Stevens – Lady D’Arbanville mahnısına  qulaq asdırırdı müəllim. Əslində kiçik nüansdı amma insanın formalaşmağında 1 kərpicin belə çox əhəmiyyəti var, yığılır, yığılır və sən olursan. Dayımın uşaqlarına doğum günlərində kitab almağa çalışıram. İş keyfiyyətli insan olaraq yetişməkdədi, bunun resepti olsa da yazsaq hamıya.(gülür).

Doğru təhsili seçməkdə böyüklərə düşür işin çətini, uşağın başı qatışsın deyə tablet alan adamlar var. Bunun əvəzinə bir nağıl kitabı alsa, oxusa uşağına nə gözəl olar. O uşaqların yadında qalacaqsan. Bu günkü kimi yadımdadı ikinci sinifdə oxuyurdum əmim Türkiyədən Hans Xristian Andersonun “Düyməcik“ nağılı olan şəkilli kitab gətirmişdi indiyə kimi qalır.

-Genotip fenotipdə özünü görsədir. Yığılan, səni sən edən nə varsa, bir yaşdan sonra sənə həyatda rahat yaşağamağa kömək edir, bir az stressini azaldır, düşün ətrafda hər kəs rahatdı, maraqlı görüntü olar.

Bildiyim qədəri ilə valideynlərin Gəncədə yaşayır və çox da zəngin ailənin övladı deyilsən. Buna baxmayaraq tələbə vaxtından səyahət edirsən. Əgər insanın arzuları və hədəfləri varsa, reallaşması üçün külli miqdarda maddi dəstək lazımdı ya çox az pulla arzuları yaşamaq  olar?

-1-ci fikirləşmək lazımdı sənin arzun nədir, nələrə önəm verirsən. Adam olar atdım məsələn, Budapeştdə Dunayın sahilində 5 ulduzlu oteldə şərabımı içim, eyvandakı mənzərə Budadakı qalaları görsətsin. Mənim üçün minimum xərclərlə getdiyin yerdə özünü turist kimi hiss etmədən gəzmək  çox maraqlıdı. Yadıma gəlmir indiyə kimi getdiyim şəhərlərdə bahalı restoranlarda el dili ilə desək yeyim-içim, həmişə çalışmışam ruhu olan küçələrdə, adi insanların odluğu yerlərdə, arxa məhlələrdə gəzib şəhəri hiss edim. Şəhərlərin ruhu o küçələrdədi, ən yaxşı münasibətlər, hekayəsi olan insanlar bir sözlə həyat var o küçələrdə. Budapeştdə Ruin publar olan küçəni gəzmək, zənnimcə adama 5 ofisantın qulluq etməsindən rahatdı. Kəşf etmək lazımdı getdiyin yeri, yenə deyirəm zövqlər və dəyərlər fərqlidi. Göndərərəm sənə yerləşdirərsən bəlkə səyahət etmək arzusunda olanlara az da olsa köməyim dəyər.( https://www.couchsurfing.org/ ,http://helpx.net/)

Bu saytların hər 2-si hostinglə bağlıdı. Bu dəfə gedəndə şəbəkələrdən istifadə edərək macar ailəsində qaldım, çox maraqlı olur, onlar sənlə macar dəyərlərini bölüşür, milli -mənəvi həqiqətləri çatdırır (gülür).

Səyahətlərdə rastlaşdığın hekayəsini dinlədiyin insanlardan ən çox yadında qalan kim olub?

-Cənubi Koreyalı qızla söhbət etmişdim, təsəvvür elə adam 7 aydı gəzirdi , Avropaya gəlməmişdən əvvəl Afrikada olmuşdu. Avropaya gəlmə səbəbi də festivallarda iştirak etmək idi. Afrika haqqında elə maraqla danışırdı, oradakı insanlardan, mədəniyyətdən. Əslində çox az vaxt söhbət etmək şansımız oldu hostelin qarşısında pilləkənlərdə bir siqaret çəkdik o müddətə sığacaq qədər, amma həyatı tam yaşamış təsiri bağışladı mənə.

Dünyamız bu qədər qloballaşsa da arada adama elə gəlir böyük coğrafi kəşflərə qədər olan yeni dünya, köhnə dünya söhbəti düzdü, sən necə hesab edirsən?

-Gördüyüm qədəri ilə hər cəmiyyətin öz dəyərləri, mədəniyyəti var. Amma qloballaşan deyirik, dünya artıq elə bir yer olub ki, getdiyin hər ölkədə cin restoranı görə bilirsən. İnsanlar qaynaşıb, ayaq basılmayan yer tapmarsan, hər yerdə türklər var. Venesiyada şəhərin tam mərkəzində sağlam dönər gördüm. Bu gün Avropaya, Amerikaya o qədər insanlar gedib gəlib ki, demək olar heç kim fərqlənmir, getdiyin ölkələrdə hər rəng adam görə bilərsən. Tamam fərqli bu gün insanlıq üçün ən maraqlı Steve McCurry-nin  blogunda gördüyüm yerlərdi.(stevemccurry.wordpress.com) o Hindisdanda, Nepalda, Kostarikada şəkillər çəkir, bu gün dünya insanı üçün oralar başqa dünyadı. Hər kəsin zövqündə deyil hamı Amerikaya, Avropaya qaçır. Ancaq bir latın Amerikası nə qədər gözəldir diqqət etsən. Ruh var oralarda. Rionun şəkillərinə baxırsan,baxırsan,baxırsan. Elə insanlar, elə yerlər görürsənki günümüz insanı üçün kəşf edilməmiş cənnət ola bilər. Yol pulu bahadı ortada o boyda atlantik okean var, autostopda edə bilmərəm. Onun üçün işləmək lazımdı.

İnsanlardan çox danışdıq və bilirəm həkim olmaq yolunda irəliləyirsən, həkim olmaq öz seçimin olub ya Azəzrbaycandakı ailə quruluşlarının təsiri ?

-Belə deyim bizim nəsildə həkim yoxdu,ilk özüm olacam. Lisey vaxtı biologiya olimpiadaçısıydım, fikirləşdim ki, bu sahə daha maraqlı olar, ancaq düzünü deyim qəbul olanda həkimlik haqqında elə böyük planlarım olmayıb. Özün bilirsən bizim cəmiyyətdə həkimə verilən qiymət nə yerdədi, hər kəs övladının həkim olmağını istəyir və bununla yanaşı həkimləri də söyür. Həkimlik bu qədər bəsit peşə deyil. Ona görə çalışıram peşəmə Azərbaycan prizmasından yanaşmayım. Ce Gevera demiş: “Həkim dünyanın ən azad insanıdı. Çantası və alətləri ilə istədiyi hər yerə gedə bilər. Harada olursa olsun insanlara kömək edə bilər, çalışar və qarnını doyurar. ” Həkimlik cəmiyyətə insan qazandıra bilməkdi, özünü və insanlığını itirmək yox. İxtisas seçimimdə də başlıca məqsədlərimdən biri bu olacaq insan qazanmaq və qazandırmaq. İnsanların azadlıqlarını geri qaytarırsan nə gözəldi qolu sınmış bir adamın ətrafının hərəkətini bərpa etmək, insultlu bir xəstəyə yeriməsində kömək etmək. Səndən niyə fzioterapiya istəyirsən soruşanda demişdin belə bir cümlə. Hər gün bu prosesləri icra etdikcə bir müddətdən sonra kiçik görünəcək gözünə etdiklərin, ancaq insanlıq üçün nə qədər böyük işdir. Həkimlik elə belə söhbət deyil. Bütün peşələr sevilərək icra olunanda gözəldir əlbəttə, amma bir memar bina modeli verər, mühəndis tikər, həkim onun içində yaşayacaq insanları cəmiyyətə verməlidi. Həkimin dəyərləri olmalıdı, salam mən həkiməm deməklə olmur bu iş. Həkim keyfiyyətli insan olmalıdı, keyfiyyətli insan deyilsə istəyir lap peşəsində ən 1-ci olsun faydası yoxdu. Ümid verəcək insan olmaq asan deyil, kitablarda yazılan kimi olmur həyatda, ayıq başla dərk etməlisən və ən yaxşısı olmağa çalışmalısan, kiçik şeylər üçün yox.

Təhsilini davam etdirəcəksən burada və ya ölkə xaricində, peşəndə istədiyin yerdə olandan sonra qayıdıb aid olduğun xalqa xidmət etməyi düşünürsən ?

-Niyə də olmasın. Bizə də insanları sırf pul olaraq görməyən həkimlər lazımdı, demirəm mən pulsuz müalicə edəcəm bu gülünc səslənər, peşəndə ən yaxşısı olsan onsuz da kim isə dəyərləndirir səni, dövlət dəyərləndirməsə də. Tənqid edirəmsə ki, həkimlik Azərbaycanda deqradasiyaya məruz qalıb və.s qayıdıb tənqid etdiklərimi düzəltmək yolunda nə isə etməsəm, səhvlərin davam etməsini göz yumsam bu ikiüzlülük olar. Həkimlik hər yerdə həkimlikdi. Mənim üçün fərqi olmaz bir türk, latino, erməni ürəyi əməliyyat etmək. Ancaq təbii ki, sırf doğru səhiyyə, doğru dəyərlər üçün qayıdaram. Millətçi deyiləm, ancaq dəyişiklik istəyirəmsə bunue lə dəyişmək istədiyim yerdə edərəm. Qandinin sözü olmasın “dünyada görmək istədiyin dəyişiklik ol“. Özün özünü dəyiş, işlədiyin yerdə sən onlardan deyilsənsə  içində dəyişməyə meyli olan kimsə sənlə eyni dəyərləri bölüşməyə başlayacaq belə-belə cəmiyyət də dəyişir.

Fonda bayaqdan fikir verirəm qulağa xoş musiqilər səslənir. Zövqdən danışdıq yuxarıda. İnsanların həmişə özünü müdafiə cümləsi olur zövq məsələlərində “zövqlər müzakirə edilməz“ kimi. Sənin üçün bu dünyada müzakirə edilməz deyə biləcəyin nəsə var ?

-Dəyərlər müzakirə edilməz.

Türkayın birinci sualı da hazır oldu bu cavabla . 🙂

Çatdıq 10-cu suala. Dəyərlərdən danışdıq, səyahətlərdən danışdıq, zövqlərdən danışdıq , “İnto te wild“ filminə baxmış olarsan. Film mənə çox təsir etmişdi, filmin sonunda belə bir cümlə yazır qəhrəman “Xoşbəxtlik paylaşıldığı zaman real olur “, əgər Moşunun xoşbəxtliyinə qafiə tapmalı olsan sən necə izah edərsən xoşbəxtliyi?

-Xoşbəxtlik doğrudan da kiminləsə bölüşəndə ortalığa çıxır. Eyni dəyərləri , düşüncəni bölüşdüyün insanlarla olanda xoşbəxtlik Cem yılmazın dediyi kimi içimizdə,içimizdə qalmır. Xoşbəxtlik ətrafa yayılır. İnsan özünü tapmaq üçün yaşamalıdı, tapdığını hesab etdiyin gün xoşbəxt olursan. O kinodan götürüləsi çox nüans var o cümlədən başqa da elə Eddie Vedder – Society mahnısı, nəyə desən dəyər.

Biz bu hissədə filmdən danışdıq ,onu yazmıram ki, baxmayanlara maraqlı qalsın film.

-Polşada olanda yaşadığım kiçik xatirəmi danışım, sualın cavabı elə o xatirədədi. Praqaya kimi ispan dostlarımla getdim, ordan da Litvalı dostumla görüşmək üçün Polşaya getməli idim. O da yazdı ki, bütün pulumu verib 2 bilet almışam Vroclava kimi amma bilmirəm necə qayıdacıq. Vroclav-Krakov-Varşava belə xətt boyu gəzməli idik. Vroclavdan Krakova autostop edərək getdik. Xəritəmiz də var idi. Amma yolunda getməyən nə isə vardı. Çünki orada bizdəki kimi deyil, sürücülər autostop edirsənsə sənlə əlaqə qurur izah edir ki, bəs burdanam uzaq yola getmirəm və.s. Axırda bir qadın saxladı izah etdi ki, bəs Krakova getmək üçün səhv yoldasız, mən sizi apararam benzin doldurulan stansiyaya oradan rahat gedə bilərsiz. 5-10 dəqiqə benzin doldurulan stansiyada gözlədik orta yaşlı kişi ilə danışdıq, adam Vroclavla Krakov arasında şəhər var ora gedirdi. Burdan ora 120 km idi, oradan da Krakova 80 km. Polşada da yaşlı nəsil soveti görsələr də rusca demək olar bilmirlər, bu kişi də rusca da bilmirdi, mən də elə yaxşı bilmirəm rusca (gülür), ingiliscə də zorla bir təhər insan dili ilə anlaşmağa çalışırdıq. Belə başa düşdük kİ, 55 yaşı var, 2oğlu, 1 qızı və nəvələri var. Dediyi yerə kimi apardı oradan da yaşlı bir qadının maşını ilə Krakova getdik. Qadın kalassika idi təmiz, yol boyu Şopen,Bax qulaq asa –asa gedirdik. Yolda baxdım ki, portmanatım yoxdu. Yaxşıkı passportumu yan cibimə qoymuşdum, 1 az sevindim itirməmişəm onu da. Portmanatda da bir az pul və kartlar var idi. Mənə pul göndərin deyəcək adam da yoxdu o anda. Xoşbəxtlikdən 1-ci mindiyimiz maşındakı dayı kartını vermişdi ki, bəs oğlum ingilis dilində bilir nəsə probleminiz olsa zəng edərsiz o sizə kömək edər. Son ümid olaraq dayıya yığdım ki, bəs bəlkə portmanatım sizin maşında qalmış olar. Krakovda evində qalacağımız adamdan xahiş etdik o danışdı və kişi səhər xəbər etdi ki, mənim maşınımdadı sabah da anamın ad günüdü bacım Krakova yaxın şəhərdə qızını ziyarətə gəlib  o sizi bura qaytara bilər. Nə isə qadınla da əlaqə saxladıq yolda maşının təkəri partladı 1 saat da onu düzəltdirdi. Mən də belə özümü yaşamın axışına buraxmış halda hadisələri izləyirəm. Axırda gəldik restorana fikirləşdim portmanatı götürüb gedəcəm, təsəvvür elə adamın anasının doğum gününüdü. Bizə danışdığı hamını gördük. Oğulları, qızı nəvəsi. İronikdi həyat, danışanda demişdim1 gün görüşərik oğlunuzla da. Hamsını gördük yəni. Anası bizi qoymadı çıxmağa restorandan eyni bizim ailələrdəki kimi gəldi bizi belə ürəkdən öpdü, 1 an özümü Gəncədə toyda hiss elədim. Etiraz edəcək vəziyyət də deyil, nəyə etiraz edəcən pul yox acından ölürsən. Stolun da üstündə hər nə desən var, o qədər yedim -içdim, elə xoşbəxt idim ki, qarın tox , əhval əla, beyin duman, portmanatımı tapmışam. Sonda da dayının oğlu gətirdi bizi şoseyə kimi oradan da bir dayı tapdıq pejosu ilə gəldik Krakova. O an anladım ki, əsil xoşbəxtlik belə anlarda yaşanır.

Sonda adətimiz üzrə gün haqqında ümumi fikrini eşitmək istəyirəm.

-Əşyaları yox, xatirələri və anları yığaq, oxuyan da, özüm də, sən də.

Advertisements

Kamran Hacıyev. Söhbət.” üçün 3 cavab

  1. Salam. Bagishlayin narahat edirem. Sizden cox coox xahish edirem mene Kamran Haciyevin facebook yaxud diger kontaktlarini veresiniz?
    Men autostop edeceyem. Ondan cox meslehetler almagi dusunurdm. Cox rica edirem.
    0552639892 (wp)
    AR Movsum Mirzezade ( fb/adress)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma