İlham Əkbərli. Söhbət.

Həmişəki kimi söhbətin şərtlərini izah etməklə başladıq. Ondan əvvəl isə evdən çıxdım getdim səsimi seçdiyim namizəd üçün qutuya atdım, gəldim Baku Roasting Company-yə. İçəri daxil olub İlhamı axtaran baxışlarla zala bir göz atdım, səslədi salamlaşıb yaxınlaşdım, çantamı qoydum yanındakı stula menyudan özümə darçınlı latte seçib pulumu ödəyib qayıtdım ki, adımı deyəndə gedim lattemi götürüm gəlim başlayaq. Bir az seçkidən danışdıq sonra Cavid də gəldi başladıq söhbətə. Nələr danışdığımızı bir biz biləcik, bir də yan stulda oturan tanımadığımız adam. Onun da qulağında qulaqlıq vardı eşitdi ya eşitmədi dəqiq bilmirəm. İlham haqqında isə onu təqdim edəcək cümlə yazmıram. Sonda özünün onu az da olsa tanıya biləcəksən.

Bir az ağırmı deyim,maraqlımı deyim ,tarixi gündə deyək ən yaxşısı ,görüşmüşük. Sualın isə buna aidiyyatı yoxdu. Səncə sözlərlə oynamaq asandı yoxsa insanlarla ?

-Fikirləşim. Yəqin ki, insanlarla oynamaq daha asandı. Çünki onun qaydası var, keçmişi var. Uzun illərdi bununla məşğul olurlar və günümüzdə çox insan bunu edə bilir. Sözlərlə oynamaq çətin deyil, xüsusi bacarıq tələb etmir. Kimdəsə alınır , kimdəsə alınmır. O qədər vacib, lazımlı, olmazsa olmaz iş deyil. İnsanlarla oynamaq isə bəzi dövrlərdə müəyyən insanlara lazım olub. Adicə ikili münasibətlərdə insanlarla oynamağı bacarmaq daha üstünlük verir. Sözlərlə oynamasan da olar.

22 yaşın var səhv etmirəmsə.

-22 yaşım var, həmişə 21 idi . Niyəsə neçə illərdi soruşanda neçə yaşın var 21 deyirdim. Keçən ay soruşdular yaşımı birdən yadıma düşdüki artıq 22-di .

Sözlərlə oynayırsan amma o qədər də lazımlı hesab etmirsən, yaxşı 22 illik yaşamında ən lazımlı nə olub ?

-Elə detallarda dayanan adam deyiləm. Həyatımı axarına görə təyin etmişəm.Hədəflərim var ən vacib onlardı bu an. Çatmaq və ya çatmamaq isə gələcək zamanın işidi. Hədəflərim dedim bir az böyük çıxdı. Dəhşət böyük hədəflər deyil, adi insanlıq halı. Ən lazımlı həyatımın axarıdı.

Çatacağın nöqtə ya gedəcəyin yol ?

-Getdiyim yol vacibdi. Çox vaxt getdiyin yol çatdığın nöqtəni önəmsiz edə bilir.

Cavidin müdaxiləsi nəticəsində söhbət bölündü. Onlar ikisi qərar verdilər ki, körpü yolun bir hissəsidir.

-Getdiyin yolda elədiyin səhvlər yaxud üzünü itirmək, indiki danışıq dilində desək imici itirmək mənə görə deyil. Nöqtəyə çatmaya da bilərsən. Çatdığın nöqtə nə ətrafın,nə də özün üçün o qədər də vacib olmamalıdı ki,getdiyin yol daha maraqlıdı. Eyni nöqtəyə 2 nəfər çata bilər. Onları fərqləndirən isə necə çatdıqları olacaq, çatmaqları yox.

Səncə doğrudan körpü yolun bir hissəsidi?

-Hətta yeraltı keçidlər də yolun bir hissəsidi amma yağış yağmayanda. İşə getdiyim yolda 3 ədəd yer altı keçid var, yağış yağanda fəlakət olur. Xahiş edirəm Bakıya yağış yağmasın.

Bakı haqqında danışanda Cavidə də bu sualı vermişdim, bir az dəyişib səndən də soruşmaq istəyirəm. Bakı sənə görə nədi? Bir cümlə ilə təsvir et görək.

-Bakı Azərbaycanın paytaxtıdır.

Xeyli güldük, hər ağızdan bir söz çıxdı. Hansını kim dedi bilmədim. Göydə Azərbaycan nədisə Bakı odur, Bakımız və s. tipli söz birləşmələri, cümlələr ucuşdu.

-Ciddi hissəsinə keçim fikrimin,icazə var da bir neçə cümlədən istifadə etməyə?

Buyur,dərdli adama oxşayırsan danış.

-Bakıdan getməyi düşünməmişəm, Bakını xoşlayıram. Küçələri var ki, gəzməyi sevdiyim yerlərdi. Amma müəyyən dəyişikliklər olmalıdı ki, normal şəhərə oxşasın. Bu halı ilə mədəniyyətsiz varlı şəhər təsiri bağışlayır.

Demək istəyirsən, sevdiyin qadınla evlənirsən bir müddət sonra səni qapıda üstü -başı yağ,səliqəsiz bir vəziyyətdə qarşılamağa başlayır.Sevirsən amma ya əvvəlki kimi olmalıdı,ya da özünü dəyişməlidi.

-Düzünə qalsa Bakının çox-çox yaxşı vaxtlarını da görməmişəm müqayisə edə bilim. Mən böyüyəndə Bakı da böyüməyə başlamışdı. İstənilən halda sevirəm ,sevirəm də tam izah etmir o hissi. Bakıda gəzmək daha doğmadı, xoşlayıram.

Nə qədər lazımlı hesab etməsən də, sözlərlə çox qəşəng oynayırsan. Qarşı divardakı şəkilləri sənin fonunda birazdan tarixin səhifələri arasına atacıq .Nə düşünürsən çərçivəyə alınmış o yerlərdə yazmaq ,yaratmaq rahat olar, ya daha problemli yerlərdə ?

-Baxır mövzun nədi. Səməd Vurğunun vaxtlarında insanlar çöldən ,çəməndən yazırdı.Qınanılası da deyil, gördükləri çöl-çəmən olub.Şəkildəki yerlərlə buraların da mədəniyyət fərqi var. Azərbaycanda da problemlər çoxdu ancaq bu problemlərdən yazan neçə nəfər yazıçı var saya bilmərsən məsələn. Yenə də sevgidən, otdan, alaqdan, ən yaxşı halda bir-birinə söz atmaqdan yazırlar. Söz atmaq sözündən də xoşum gəlmir, belə deyim bir-birini guya öz aləmlərində reklam etməklə məşğuldular. Mövzu baxır yazdığın sosial mühitə, problemə . Azərbaycanda bu tip mövzulara toxunmaq səni bir addım önə aparmır,əksinə yazırsan biri çıxır deyir ki, yazırsansa həllini də ver problemin. Elə bir yazıçımız da yoxdur ki, problemin həllini verə bilsin, çıxış yolunu göstərsin. Yazanlar da bir yerə kimi yazırlar. Yarısını deyir,yarısını deyə bilmir,o da mövqeysizlik olur. Ən pis mövqeydi-yarısını görsədirsən, yarısnı görsətmirsən yazılarında, niyə çünki qorxursan. Qaldıkı rahat, səmimi yazmağa əlbəttə çərcivədə gördüyümüz yerlərdə daha maraqlı olar. Yazmaq yenə də yerdən çox,adamdan ən əsası da istedadından asılıdı.

Sən özün məsələn mənə görə yetəri qədər oxunaqlı və diqqət çəkə biləcək tərzdə yazırsan, bəs niyə bunu çox adam bilmir?

-Çünki ehtiyac görmürəm, çox vaxt sosial şəbəkələrdə də paylaşmıram.Müəyyən müddət `brainstorm` vaxtlarında imzasız paylaşırdım və imzasız paylaşmağın tərəfdarıyam. Copyright məsələsi o qədər önəmli deyil mənə görə. Həm də bu dəqiqə kommersiya üçün etmirəm bu işi, görməsələr belə əsas yazdığımdan istədiyim nəticəni almaqdı. Çox az hallarda onu alıram ,özümdən razı qalıram ,çox az hallarda da paylaşıram ətrafla.

Çox az hallarda alırsan, axı nadirən görür insanlar yazdığını.Zənnimcə əla nəticələr ala biləcəyin yetəri qədər yazın var. Xəsislik edib istəmirsən görsünlər. Ən azından xeyli like yığa biləcəyin . 🙂

-Elə əsas da odu, like-la ölçülmək istəmirəm. Facebookun kontingentimi deyim , nə deyim bilmirəm.Hamımızın maraqla izlədiyi dönəm -dönəm saytlar olub ki, çox maraqlı olublar daha sonra məcburiyyətə çevrilib fəaliyyətləri,özləri olmamağa başlayıblar, publikaya işləyiblər, hamsını edən də like-dı. Publikadakı publika deyil. Baxır hansı publikaya işləyirsən, ona görə az-maz twitteri bu baxımdan Azərbaycanda bəyənirəm və orada yazıram çox vaxt. İzlədiklərim və məni izləyənlərin təqribi qabında olanı bilirəm. Demirəm yəni mən belə qeyri -adi yazıram publika məni başa düşmür, elə bir iddiam da yoxdu.İddiasız olmaq xoşuma gəlir. Yazarlar deyir biz yazırıq kitabımız oxunmur ,satılmır. Yazar demirəm özümə, yazar da deyiləm, o baxımdan yox, sırf özüm iddiasızam və yazdıqlarımın hər kəs tərəfindən oxunması o qədər də vacib deyil. Biz bu problemi http://www.qazzetti.com/da da yaşadıq,link qoyursan adamlar tənbəllikdən açıb içinə baxmır amma like edir, mənə elə tənbəl publika lazım deyil və onlarla işləmək rahat deyil.

(Bu hissədə Cavid ürək sözlərini bölüşdü,mən də qərar verdim ki, o cümlələri də oxuyasan.Cavidlə İlhamın maraqlı dialoqu oldu.Olduğu kimi də yazıram .)

-Cavid imkan vermədi də,onun haqqında yazan kimi oxuyucularımız azaldı.Haqqlıydı iradlarında əslində orfoqrafik səhvlər çox olurdu.

Qazzetti maraqlı və öyrəşmədiyimiz layihə idi.Necə oldu belə bir fikir atıldı ortalığa?

-Bu fikir 1 ildən çox ağlımda fırlandı. Sonra Musa Əfəndi ilə bölüşdüm edərik , edərik deyib hər dəfə sabahlara saxlayırdıq. Twitterin Azərbaycan sayağı yaxşı vaxtlarında başladıq əvvəl səs salmağa bu haqqda. Heç kimin tanımadığı üçüncü yazar Teymur adlı dostumuz saytı yaratdı və başladıq yazmağa.

Əgər istəsən söhbətin arasında ataram linkini saytın baxar tənbəl olmayanlar.

-Orada da iddiam yoxdu,xoşuma gəlirdi, Musanın yazdıqlarına gülürdüm. Bir yerdən sonra yazmaq məcburiyyətə çevrilmişdi və bir az yavaşlamışdıq bu səbəbdən. Etiraf edim alınmadıqca, alınmır elə bir dövr bizdə də oldu, yaxşı getmirdi ona görə də yavaşlamışdıq.İndi -indi özünə gəlir,daha yaxşıdı belə deyim.

Cavid `müəllim` görürəm yarımçıq qalan cümlənizi tamamlamaq istəyirsiz buyurun .

-Yaxşı layihə idi,uğurlu idi. Məncə bu gün can verir, səbəbi bəllidi. Azərbaycanda çox layihələrin sonu belə olur. Absaz, Kulis, Kultura bunun kimi nə qədər online həyata keçirilmiş işlər var idi, var ki, yetəri qədər maraqlı başlayırlar enerjinin hamsını birdən xərcləyirlər, kiçik heyyətlə başlayırlar bir müddət sonra alınmır.

-Cavidi gərək əvvəldən redaktor götürərdik ( gülür ). Yazıları Musa yoxlayırdı, mən elə necə göndərirdilər elə də atırdım sayta ona görə də səhvlər olurdu, boynuma alıram.

Bundan sonra olan danışıqları yalnız yan stulda oturan qulaqlıqlı adam eşitdi. Ümumi sonda o qərara gəldik ki `bəzi beyin məhsulları dəyərsizdi, gerisi üçün mastercard`. Qaldı son 2 sual.

Sənlə görüşməzdən bir neçə gün öncə işlə bağlı müsahibəyə getmişdim, sualın ixtisasıma nə qədər əlaqəsi var idi hələ də tapmamışam. Özünü 3 sözlə ifadə et demişdilər. Sənə desəm hansı sözləri seçərsən ?

-Nə deyim vallah. Oldumu 3 söz .

Oldu, oldu əla oldu. Bu isə sualımıza aid deyil, bilmək istəyirdim adamlar 3 sözlə özlərini neçə ifadə edir, bir mənmi bacarmıram, yoxsa çox adam da alınmır bu.

Necə düşünürsən istedadların ortalığa çıxması üçün senzura , qadağalar daha çox rol oynayır ya azadlıq?

-Kütləvi yöndən baxmasaq senzura, azadlıq anlayışı fərdlərə görə dəyişir. Yaşadığımız ölkə çərcivəsində senzuranı analiz etməyə çalışsaq, yox lazım deyil istənilən sahədə. Bizim kimi ölkələrdə bəlli qadağalar olur, bir növ qorxular, istedadlı insan isə demək istədiyi sözü fırladıb bir yolla deyir. Demək istəyirsənsə deyəcəksən. Təbii ki,mane olur deyə bilmədiyin sözlər də olur. Senzura elə bayaq dediyim vəziyyətə salır insanı mövqeysizlik mövqeyinə. Daha çox incəsənət adamlarında və yazarlarda müşahidə etmək olur bunu. Qadağalar olan mühitlərdən istedadlı adamlar çıxır deyib də, qadağa qoymaq düzgün deyil. Ona görə sərbəstlik olmalıdı. Qanunlar gözəl ola bilər, ancaq insanların rahatlıqlarına mane olacaq qanunlar olmasını istəmirəm. Əsas da fikir azadlığına mane olacaq. Rahatlıq sənə görə ayrı, mənə görə ayrıdı. Elə bir mühit istəyirəmki rahatlıqları kəsişməsin insanların. Yaşayaq. Cavidin keçən müsahibədə dediyi limit söhbəti mane olur hər zaman, çətindi amma mümkündü inanıram.

Mən bu yazını yazanda böyük ehtimal bu tarixin üstündən bir neçə gün keçmiş olacaq, tənbəl vaxtıma təsadüf etsə hətta 1 ay da keçmiş ola bilər. Təsəvvür et ki, 1 həftə sonra yazmışam və 9 oktyabr sərhəddi gələcəklə olduğumuz gün arasında. Nəticələrin necə olmasından asılı olmayaraq bu gündən sonra nə dəyişəcək insanlarda, ölkəmizdə ?

-(Gülümsəyir ) Yaxşı sualdı.

Daha konkret 9 oktyabr həyatımızda prezidenti dəyişməsə belə, insanlarda, ən əsası səndə nəyi dəyişəcək?

-Xüsusi bir şey dəyişməyəcək. Daha doğrusu əvvəlcədən təyin etmək çətindi. Heç nə dəyişməyəcəyindən haradasa əminəm. Göstərməsəmdə bunu,göstərməməyə çalışsam da ruhumu saxlamağa çalışıram.Amma xüsusi nələrinsə dəyişəcəyinə inanmaq ruhum azalır getdikcə. İstərdim dəyişsin. Məndə şəxsən axır vaxtlar yığılan bir hiss varki, məsələ mənimçün məsələn, rüşvət deyil, daha çox insanların orta səviyyəsidi sırf zövq, beyin, geyim və digər həyatı və ətrafı maraqlı edə biləcək nüanslardı ki, əsas bunların dəyişməyini istəyirəm. Məsələn, 100 dənə tələbə götür Azərbaycanın istənilən universitetindən orta statistik tələbənin görüntüsü bərbad görüntüdü, hər kəs də razılaşar deyə düşünürəm. Onun dəyişməyini istərdim, dəyişməyəcəyinə heyfslənəcəm. Ən önəmlisi təhsildi, insanları dəyişən yaxşı və pis anlamda.

Sonda sözün.

-Yaxşı söhbət oldu, yazılmamağını daha çox istərdim, maraqlarım haqqında danışmaq mənim sahəm deyil ,böyük işdi 28 dəqiqə danışdırdız məni. Maraqlı adamlarla gözəlsöhbətlər gözləyirəm.

https://twitter.com/ilouus o səni görür .

https://twitter.com/ilouus o səni görür .

Advertisements

İlham Əkbərli. Söhbət.” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma