Cavid Qocalı. Söhbət.

onlar bizdən biridi,sizə yuxarıdan aşağı baxmırlar.

onlar bizdən biridir, bizə yuxarıdan aşağı baxmırlar.

Bundan öncə də yazdığım kimi ilk həmsöhbətim Cavid oldu. Payızın başına hava gəlmişdi, özünü qış hiss edirdi, biz də soyuqdan qorxub evdə söhbət etmək qərarı aldıq.

Deməli belə, söhbətin şərtlərini bilirsən də, 10 dənə sual olur, yalnız 1-cini mən verirəm, qalan 9 sual sənin verdiyin cavablardan çıxır. Bu o deməkdir ki, gələ biləcək digər sualları birinci cavabın ilə öz xeyrinə dəyişə bilərsən.

– Sual vermək sənlik, cavab vermək mənlik, anladım. Yaxşı cavab verməsəm müsahibəm maraqsız olacaq.

(bu anda qardaşım yan otaqdan fotoaparatla gəlib auditoriyaya icazə varmı deyib getdi, gözləyirik yenidən qayıtsın şəkil çəksin.)

İlk sualdan başlayaq. 16 yaşından Türkiyədəsən, 7 ildən sonra ilk dəfədir ki, 4 fəsli də Bakıda keçirdin. 16 illik Azərbaycan ilə 7 illik fasilədən sonrakı vətənin fərqi nədir?

– 16 il uşaqlıqdı, yaşamamışam, yəni yaşamış sayılmıram.

Elə cavablar ver sual çıxsın da, başa düşüm nə deyirsən. Dərinlərə, fəlsəfəyə keçmə.

– Belə deyim də, ilk 10 ili harada yaşamağın insan üçün o qədər də həlledici olduğunu düşünmürəm. Əsas hissəni liseydə təhsil aldığım müddət tutur. 13 yaşından Azərbaycanı sevmirəm.Hansı mənada sevmirəmi izah edəcəm. 13 yaşdan 16 yaşa kimi Azərbaycanın yaxın tarixdə dəyişəcəyinə inanırdım. 16 yaşdan 22 yaşa kimi Azərbaycanı bir az çöldən görmə şansım olub, ümid azalsa da davam edib. Ümiddən daha çox inam. Amma son aylar artıq hər iki hiss can verir demək olar ki. Adam olmayacaq buralar, bu insanlar.

Cavid konkretləşdir.

– 16 illik Azərbaycan mənim üçün vətən idi, dəyişmək və daha gözəl görmək istədiyim bir yer idi, uğrunda mübarizə aparmaq istədiyim. Son 1 illik Azərbaycan isə sadəcə xəstə toplum. Müalicəyə ehtiyacı olan, lakin müalicə edimmi etməyimmi deyə üstündə düşündüyüm toplum.

Sığortalı xəstə. Mən bilirəm ki, sən siyasalda oxuyursan, biz hansı mövzuda danışsaq da axırda söhbət fırlanıb siyasətdə dayanacaq. Bundan əvvəlki yazıda səni təqdim edəndə yazmışdım ki, 15 il sonra uşaqlarıma, evimizə maraqlı əmi gəlir deyə biləcəyim adamlardansan. Yaxşı, belə deyək, 15 il sonra bizə qonaq gəlsən uşaqlara nə danışarsan, həyatının bundan sonrakı 15 ilini necə təsəvvür edirsən?

– 3-4 ölkədə yaşamış olsam yaxşı qiymətləndirərdim. Ölkələrdən daha çox şəhərlər deyim. Şəhər ayrımı daha önəmlidi. Açığı 15 il sonra harada olacağımı bilmirəm. 1 il əvvəl bu sualı versən əminliklə Afrika deyərdim, amma bu gün çətindi cavab tapmaq. Uşaqlara isə əmin ol xeyli maraqlı hekayə danışacam.

(Audutoriyanın müdaxiləsi nəticəsində söhbət kəsilir. Onlar sual verir ki, niyə səs yazırsız sonra çətin olacaq onu yazmaq. Hörmətli fotoqraf da makiyajsız fotolarımızı çəkmək istəyir etiraz edirik. Daha doğrusu edirəm. Belə özüm də güclü makiyaj edənəm. )

Sənin üçün Türkiyənin önəmini çox yaxşı bilirəm. Hətta bizim üçün Türkiyə bir növ dünyaya qapıdı. Müəyyən kəsim üçün bu hələ də Rusiya olsa da. Bəli, bu həqiqətdir ki, yox bir dəqiqə söhbəti çox ciddiyə aldım, bəliyə keçdim. Azərbaycanı dedin, bəs sənin üçün Türkiyə və əsas da Ankara nədir ?

– Hədsiz  banal səslənsə də deyim ki, Türkiyənin bir çox yerində olmuşam. Hətta Türkiyənin özündə də olmuşam. Dəhşətli cümlələr qurduğumu hiss edirəm, gülmə. Ankara sirrli şəhərdi, bir az da eqoist, özüm də eqoistəm ona görə yaxın hesab edirəm ruhən. O, turistləri sevmir. Öz gözəlliklərini görsətmir turistlərə. Bir var evə qonaq gələndə ən yaxşı qabları qoyursan süfrənə, biri də var qonağa günlük qablarında yemək verirsən. Ankara ikincidi, ona görə düşünürəm daha səmimidi, İstanbul kimi aldadıcı deyil və yaxud İzmir ,Antalya kimi. Yalançı və ikiüzlü deyil.

Bakı ilə Ankaranı müqayisə etsən, Bakını insana bənzətsən ağlına ilk nə tip insan gələr?

– Bakını heç nəyə, heç kimə bənzədə də bilmirəm. Bu, o, bənzərsizdi və ya analoqsuzdu demək deyil .Sadəcə bacarmıram. Bakıda yaşayan insanlarla da əlaqəli deyil bu. İnsalar bir gün düzəlsə belə, Bakının düzəlməsi üçün çox vaxt lazımdı ,Bakı Bakılıqdan çıxıb, özündə deyil. Necə deyim?

Sualları mən verirdim, özünə sual verib çətinə salma beynini.

– Yox cavab tapmağa çalışıram. O, sənədli filmlərdə baxırdıq həmişə Pakıstan, Afrika, xaos bax son vaxtlar Bakı mənə o sənədli filmləri xatırladır. Bakı insan deyil, amma insanın ömrünü azaldan şəhərdi. Virus.

Bir növ deyinən qonşu. Gözlükdən baxan, həmişə var və sən ona dözməyə məcbursan və bu sənin həyatını məhv edir.

– Həmişə var kimi bir şərt də yoxdu. Hamı istəsə çıxıb gedə bilər. Tatar çölündəki kimi, hamı gedə bilər, amma çox adam gedə bilmir. Səni bir yerdə nə isə bağlayır. O nə isə nədi, o artıq ayrı mövzudu.

Biz 2 il əvvəl dostlarla vətənin qərb bölgəsini gəzdik.

– Adlarını say da dəqiq.

İmkan ver də sayıram, Qazax, Ağstafa, Tovuz. Bilirəm sənin üçün Qazaxın da xüsusi yeri var Azərbaycanda. Qazaxda olanda bunu əməlli hiss elətdirdin .

– Gəl Azərbaycanı regionlara bölməyək.

Bölmürəm, sözümün canı var. Nə vaxt ölkə xaricində olmuşam adamlara Azərbaycan deyəndə ağıllarına ancaq Bakı gəlirdi. Elə bil Azərbaycan yalnız Bakıdan ibarətdi təəssüratı yaradırdı adamda bu fikir. Amma mən öz adıma deyim ki qərb bölgəsində daha maraqlı həyat var idi. Bəlkə də oraları daha gözəl şəhər halına salmaq olardı .Regionlarda problem çoxdu. Düzdü bizim söhbətimiz bu deyil.

– Gəlin söhbəti siyasiləşdirməyək .:)

Qısası, Bakı ilə Qazaxı müqayisə edə bilərikmi?

– Çətin olar, desən İstanbul, Bakı, Ankara edərəm. Yaşamışam hər 3-ündə. Qazaxda isə hesablasan heç ümumi 1 ay ardıcıl olaraq qalmamışam. Bir şəhər haqqında nə isə demək üçün orada yaşamaq lazımdı. Məktəbə getmək, universitet oxumaq, ən azı tixacda qalmaq lazımdı, tətilə getmək yox. Təbii ki,qazaxlı olduğum üçün oranı sevirəm. Digər rayonlardan bir addım öndədi.

Bölgələrə bölürsən də axır ki.

– Dünyanı ölkələrə bölürüksə, ölkələri niyə şəhərlərə, rayonlara bölməyək. Əgər  nə vaxtsa bürokrat olsam, idarəedici və ya qanunverici bir orqanda işləsəm və bunu işimə yansıtsam o zaman bu əxlaqsızlıq olar. İndiki halda sevirəmsə heç kimin buna müdaxilə etmə haqqı yoxdur.

Bu hissədə bir sual verdim, Cavid bəy sualı bəyənmədi. Sual fikirləşirəm. Qazax demişkən ağlıma yaxşı fikir gəldi. Yadında biz Kəmərlidən Poyluya qayıdanda avtobusda uzaqdan Göyəzən dağı görünürdü, qoca baba bizə bir sual vermişdi ki, bəs o vaxtlar Səməd Vurğuna ilham verən təbiət bu idi, siz baxıb nə yaza bilərsiz. Qazaxdan çox məşhurlar çıxıb, bunu bilirik.

– Bir dəqiqə, elə də çox çıxmayıb, biz qazaxlılar mübaliğəni sevirik. (burada senzura tətbiq edilib,əslində Cavid, goplamağı sevirik demişdi. ) Hətta Göyəzən də gopdu, balaca dağdı.

Göyəzən deyəndə ağlıma həmişə Moşu Göyəzənli gəlir, səncə Bəxt üzüyü filmi Azərbaycan üçün nədi ?

– Bəxt üzüyü nədi ? Qəşəng sualdı.

Mən çox bəyənirəm o filmi, hətta düşünürəm ki, Azərbaycanı ən düz  ifadə edən film odur.

– O film SSRİ-nin dağılmağını və yeni Azərbaycanın formalaşmağını əla təsvir edir. Rasim mercedesle gəlir, bu kapitalizmin Azərbaycana girişidir. Sosializm dağılır və kapitalizm gəlir uşaqları saqqızla aldadaraq. Maraqlı regionçuluq da var. Öncədən yarana biləcək bütün problemlərə toxunub adam. Rus dillilər, Bakılılar, rayon adamı, müharibə veteranı. Bəlkə də çəkildiyi il baxsaq bu cavabları deyə bilməzdim. Amma üstündən illər keçəndən sonra hadisələri daha aydın görmək olur. Ona görə də hadisələr baş verən an yox, sonra daha düzgün qiymətləndirilir. Necə ki, indi oturduğumuz evi təsvir edə bilmərik, çünki içindəyik. Bu mənim fikrim deyil, çox adam deyib. Öz adıma çıxmaq istəmirəm. Bu gün biz evin çölündəyik və o filmi asanlıqla analiz edə bilirik.

Vaqif Səmədoğlu haqqında eyni fikirdəyik demək. O, Azərbaycan üçün atası ilə müqayisədə çox iş görmüş adamdı.

– Təbii ki, atası demək olar ki, heç bir iş görməyib.

Bəxt üzüyü demişkən, orada çox maraqlı qadın personajları var. Söyludən tutmuş, rusdilli təbəqədən bir qadın, tipik faciəvi Azərbaycan qadını, Veteranın qızı, qadın dediyin cinsin bütün üzləri. Qadın kimin üçünsə evin süpürgəsi, kimin üçünsə isə muzadır. Bəs sənin üçün qadın nədir?

– İstədiyim cümlələri qurmaq üçün əla sual oldu bu. Mən matriarxal sistemdə yaşamaq istəyən adamam. Utopik arzu olduğunu bilirəm. Məncə matriarxal sistemə keçid nə vaxtsa olacaqsa da, düşünsək ki, təxminən 50 il yaşayacağıq, bu 50 il ərzində cəhd ola bilər amma mövcud sistem dağılmalıdı ki, yenisi qurulsun, mövcud sistem dağıldıqdan sonra yenisinin qurulması üçün çox vaxt lazımdır, bu səbəbdən də, biz bunu görə bilmərik. Mən böyük faizlə əminəm ki, bu sistemi görməyəcəm. Amma matriarxal sistem mənə maraqlıdı, bəlkə də səbəb patriarxal sistemdə yaşamağımızdır.

Cavid, qızlar hamsı sənə dostluq göndərəcək.

– Mənə həmişə maraqlıdır ki, niyə həmişə diktə edən tərəf bizik, biz olmalıyıq, fərd olaraq özüm bunu qəbul eləmirəm. Mənə çatmır niyə yol pulunu, hesabı kişi ödəməlidir. Özüm də bunların çoxunu etmirəm və özümü xoşbəxt hesab edirəm. niyə qadına yer verməliyəm ki, yəni matriarxal sistemə töhvələrim olub. Qadın mənim üçün nədir? Qadın da insandır. Heydər Əliyev demiş, qadın da insandır.

(bu yerdə əcaib bir səssizlik çökür və biz söhbəti hara fırladacağımıza qərar verə bilmirik)

– Qadını  ayrı bir yerə qoyub dəyərləndirmək çətindir, mənim üçün daha çox insan faktoru var, soruşsan ki gözəl qadın səncə necədir, onu da çətin olardı əslində təsvir etmək, bəyəndiyin bütün özəllikləri sayarsan, bunlara malik qadını qoyarlar qarşına, məcazi mənada, baxarsan ki gözəl deyil, amma misal, qaşında kiçik çapıq olan qadın daha gözəl ola bilər, məncə ümumiyyətlə gözəllik kiçik bir nüansdır, ayırdedici bir özəllik qadını gözəl göstərir.

Bundan əvvəlki sualda da dedin, qadın da insandır, sən necə düşünürsən, insanlara necə müraciət etmək ən doğrusudur? Fəhləyə müəllim deyilən toplumda müəllimə necə müraciət etmək lazımdır?

– Yalan deyərəm, misal üçün, mənə qaqaş deyə xitab olunanda çox əsəbiləşirəm. Məncə problem azərbaycan dilinin kasadlığındadır. Məsələn bir insan gəlir, tutaq ki, müəllimdi, ona niyə peşəsinin adı ilə müraciət edim ki, mühəndisə mühəndis deyə xitab etmirik axı, müəllimlik bir peşədir.  Bəy tituldu deyə çox quru səslənir, qaqaş, dayı, əmi deyə müraciəti də normal qəbul etmirəm, bir tək xanım müraciəti qulağa xoş gəlir məncə, bacardığım qədər, siz, ad-soyad ilə müraciət etməyə çalışıram.

Sonuncu sualımızda seçim azadlığı var, hətta sən özün sual təklif edə bilərsən, bizim müsahibəmizdə azadlığın limiti yoxdu, istəsən söyüş belə söyə bilərsən amma mən  blogda senzura tətbiq edərək, söyüşünü də` düt `olaraq verəcəm.

– Çox iddialı dedin, bəlkə elə azadlıqdan danışaq?

Cavid, təsəvvür elə 11-ci sinifdə oxuyursan, müəllim içəri girib deyir ki, şəhər üzrə inşa müsabiqəsi var, mövzu da azadlıqdır, bir cümlə ilə fikrinizi ifadə etməlisiniz, nə yazardın?

– Dedin ki azadlığın limiti yoxdu, yəqin Saramagovari cümlə qura bilərəm burda, bir neçə səhifəlik.

Mübtəda xəbər deyib arasını 1200 sözlə doldurma, daha dəqiq bir cümlə qur.

– Azadlıq utopik bir məfhum olmaqla bərabər bir üst limitdir və insanlar bu üst limitə doğru can atırlar, ancaq bu limitə yaxınlaşa bilmirlər, çünki insan sonuçda bir cismin içində yaşayır və bu cism sərhədli bir cismdir, bu cismin limitləri və sərhədləri var və bunları aşmaq mümkün deyil.

Axırda ürəyindən nə keçir de, arzuların, istəklərin.

– Arzum islandiyada yaşamaqdı bu dəqiqə

Özünə yox bizə nə arzulayırsan, yəni oxuculara?

– Həə, elə, nə arzulayım? Özüm kimi müsahiblər.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma